Mayın 28-dək meteor yağışı olacaq

Mayın 28-dək η-Aquariid meteor yağışı aktiv olacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından BAKU.WS-ə verilən xəbərə görə, yağışın maksimumu isə mayın 6-da gözlənilir.
η-Aquariid meteor yağışı hər il Yerin Halley kometinin orbitində buraxdığı toz hissəciklərinin içindən keçməsi nəticəsində yaranır. Bu hissəciklər Yer atmosferinə daxil olduqda parlaq işıqlı izlər - "axan ulduzlar" əmələ gətirir.
η-Aquariid yağışının mənşəyi Halley kometidir. Bu, astronomiyada müşahidə olunmuş ən qədim kometlərdən biridir. Maraqlıdır ki, Halley kometi həm mayda müşahidə olunan η-Aquariid, həm də oktyabrda baş verən Orionid meteor yağışlarının səbəbidir.
Halley kometinin Günəş ətrafında dolanma periodu 76 ildir. O, son dəfə 1986-cı ildə görünüb. Növbəti dəfə 2061-ci ildə görünəcək. Məşhur ingilis astronomu Edmond Halley 1705-ci ildə bu kometin 1531, 1607 və 1682-ci illərdə görünən kometlərlə eyni cisim olduğunu sübut edib. Onun şərəfinə kometin adı Halley adlandırılıb.
Meteor yağışı mənbəyi (radiantı) Dolça (Aquarius) bürcündə η-Aquariid ulduzunun yaxınlığında olduğu üçün bu adı alıb. Meteorların trayektoriyası göydə bu nöqtədən şüalanırmış kimi görünür, lakin ən yaxşı müşahidə üçün radianta birbaşa yox, 30-40° uzaq sahəyə baxmaq tövsiyə olunur.
η-Aquariid meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı mayın 5-dən 6-na keçən gecə saat 02:15-05:00 arası olacaq. Yağışın mənbəyi maksimumda Bakı üçün üfüqdən 29° hündürlükdə olacaq. İdeal şəraitdə gözlənilən meteor sayı saatda 40-a çatacaq. Bakıda isə bir saatda maksimum 19-20 meteor müşahidə edilə bilər.
η-Aquariid meteor yağışı 2025-ci ildə gözlənilən ən gözəl təbiət hadisələrindən biridir.

Similar News
Emin Ağalarov düşdüyü qəzanın görüntüsünü yaydı
Xalq artisti Emin Ağalarov yağışlı hava şəraitində avtomobil sürərkən qəza keçirdiyini bildirib. BAKU.WS xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında p...